Quran elmə yol göstərİr 

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıya biləcək.

Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə din, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir və bu səbəbdən elmə həvəsləndirir.

Din elmi araşdırmalara təşviq etdiyi kimi İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir. Dolayısı ilə, doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda ən az əmək və enerji sərf edərək aşkara çıxaracaqdır. XX əsrin ən böyük alimlərindən biri qəbul edilən Albert Eynşteynin də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni dinin yol göstərmədiyi elm irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt alar və hətta çox vaxt nəticə əldə etmək mümkün olmaz.

Bu həqiqəti görə bilməyən materialist ideologiyaya sahib elm adamları tərəfindən aparılan elmi çalışmaların isə xüsusilə son iki əsrdir insanların nə qədər vaxtını israf etdiyi, bu yolda aparılan çalışmaların böyük hissəsinin hədər olduğu və sərf edilən trilyonlarla vəsaitin necə havaya sovrulduğu göz qabağındadır.

Elə buna görə də, insanların qəti şəkildə bilmələri vacib olan bir həqiqət vardır. Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün çalışarsa, doğru nəticələr əldə edə bilər. Yolu düzgün müəyyən edilsə, yəni doğru istiqamətləndirilsə, elmin əsl məqsədinə ən qısa müddətdə çatması təmin edilə bilər.

AĞILLI DİZAYN, YƏNİ YARADILIŞ

Allahın yaratmaq üçün dizayn etməyə, yəni planlaşdıraraq yaratmağa ehtiyacı yoxdur

Kitabın müxtəlif səhifələrində istifadə edilən “planlaşdırma” sözünun düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz nizam-intizam qurması Rəbbimizin əvvəl planlaşdırdığı, sonra isə yaratdığı mənasına gəlmir. Bilmək lazımdır ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “planlaşdırma” aparmağa ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür əksikliklərdən uzaqdır.

Allahın bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız “Ol!” deməyi kifayətdir. Ayələrdə belə buyurulur:

«Bir şeyi istədiyi zaman buyuruğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar»

(«Yasin» surəsi, 82)

«Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” deyər, o da dərhal olar»

(«Bəqərə» surəsi, 117)

DİN ELMƏ TƏKAN VERİR

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanını istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yerin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağlını və vicdanını istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!”

(«Ali-İmran» surəsi, 191)

Bu səbəbdən Allah Quranda insanları onları əhatə edən yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Bütün kainatda mövcud olan sistemləri, canlı və cansız varlıqları nəzərdən keçirən, gördükləri üzərində düşünən və araşdıran hər insan Allahın üstün ağlını, elmini və sonsuz güçünü tanımağa başlayacaqdır. Allahın insanları üzərində düşünməyə çağırdığı mövzulardan bəziləri ayələrdə belə bildirilir:

«Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla həm bağlar və biçilən taxıl dənələri, həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları yetişdirdik»

(«Qaf» surəsi, 6-10)

«Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!»

(«Mülk» surəsi, 3)

«Elə isə insan nədən yaradıldığına bir baxsın!»

(«Tariq» surəsi, 5)

«Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir?»

(«Ğaşiyə» surəsi, 17-20)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah insanları göy üzü, yağış, bitkilər, heyvanlar, doğuluş, coğrafi xüsusiyyətlər kimi mövzularda araşdırma aparmağa və tədqiq etməyə çağırır. Bütün bu varlıqları tədqiq etməyin və araşdırmağın yollarından biri isə, əvvəldə də bildirdiyimiz kimi, elmdir. Elmi araşdırmalar nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdırlar. Tarix boyu bəşəriyyətə böyük xidmətlər göstərən elm adamlarının əksəriyyətinin Allaha inanan dindar kəslər olmasının səbəbi də budur; elmin Allahın qüdrətini təqdir etməyin bir yolu olması...

Allaha İnam elm adamlarına böyük bİr şövq və həyəcan verİr

Yuxarıda da bəhs etdiyimiz kimi, din elmə həvəsləndirir, elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz bir detal ilə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir elm adamı təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir elm adamı özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qərarlı olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən aldıqları bu həvəsləndirici gücü belə bildirmişdir:

“Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkürü ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir. Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham  həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din duyğusundan alarlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar.”

İohan Kepler Yaradıcının əsərlərindəki ləzzəti almaq üçün elmlə maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan İsaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.

Bu sözlər dünya tarixinin ən tanınmış elm adamlarından sadəcə bir neçəsinə aiddir. Bu adamlar və sonrakı bölmələrdə nəzərdən keçirəcəyimiz onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək, Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox şey kəşf etmək istəyən şəxslərdir.

Göründüyü kimi, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək, dəlillərini tapmaq, detallarını tədqiq etmək istəyi elmi çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın və canlıların yaradıldığı həqiqəti inkar edilsə, bu məna da ortadan qalxacaqdır. Məsələn, materialist fəlsəfəyə və Darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd olmadığını, hər şeyin boş təsadüflərin məhsulu olduğunu zənn edəcəkdir. Bu halda kainatı və canlıları araşdırmağın da həqiqi mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər”- kimi ifadə etmişdir.

Bu halda bir elm adamının hədəfə alacağı yeganə məqsəd etdiyi bir kəşflə məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaqdır. Bu hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər. Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşərək, onu gizlətmək məcburiyyətində qalar.

Təkamül nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu səmimiyyətsizliyin bir nümunəsidir. Əslində elmi faktlarla qarşılaşan bir çox elm adamları təkamül nəzəriyyəsinin həyatı açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. İngilis fiziki H. S. Lipson bu barədə belə deyir:

«Canlılar haqqında Darvinin bildiyindən çox artığını bilirik. Məsələn, sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər sinir elektrik mühəndisliyi baxımından bir şah əsəridir. Bizim orqanizmimizdə bunlar milyardlarladır... Bu halda mənim ağlıma gələn kəlmə “dizayn”dır. Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir

Yaradılışı ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu həqiqəti belə açıqlayır:

«Əslində təkamül bir növ “elmi din” halına düşmüşdür; demək olar ki, bütün elm adamları bunu qəbul etmiş və bir çoxu onunla uyğun gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar».

Bu ziddiyyətli vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakım olmağa başlayan “dinsiz elm” aldanışının bir nəticəsidir. Eynşteynin bildirdiyi kimi, “dinsiz elm şikəstdır”. Buna görə də bu aldanış həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd qalan elm adamlarını ortaya çıxarmışdır. Bu iki təsirdən birincisini sonrakı səhifələrdə ətraflı nəzərdən keçirəcəyik.

İman Edən Alimləriİn “Dİnə Xİdmət Şövqü”

Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.

Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər.

Elmin dindən uzaq qalmaqla inkişaf edəcəyini zənn edənlər isə şübhəsiz, çox yanılırlar. Hər şeydən əvvəl Allaha iman gətirməyən kəslər imanın verdiyi mənəvi şövqü yaşaya bilməzlər. İlk əvvəl böyük bir həyəcanla başladıqları elmi araşdırmalar bir müddət sonra onlara adi və monoton hadisələr kimi görünməyə başlayacaq. Bu cür düşünən insanların həyatdakı məqsədləri qısa zaman ərzində dünya həyatına bağlı mənfəətləri əldə etməkdən ibarətdir. Buna görə də bu insanlar pul, mövqe, şöhrət, etibar kimi dünyəvi həvəslər naminə çalışmalar aparırlar. Məsələn, bu şəkildə düşünən və universitetdə karyera qurmaq istəyən bir alim ancaq özünü daha üstün bir mövqeyə çıxaracaq sahələrdə çalışmalar aparar. İnsanlara fayda verə biləcəyini düşündüyü bir məsələ olsa belə, öz mənfəəti baxımından heç nə qazanmayacağı bir sahədə araşdırma aparmaz. Qarşısına araşdırma aparacağı iki mövzu çıxarsa, bu ikisi arasında hansının ona daha çox maddi gəlir, etibar və mövqe qazandıracağını götür-qoy edər və digərinin insanlar üçün daha faydalı bir nəticəyə gətirib çıxaracağını bilsə belə, o mövzudan uzaqlaşar. Qısası, bu cür insanlar mənfəətləri olmadığı təqdirdə insanlara fayda verməyə, onlara xidmət etməyə çalışmazlar. Mənfəət əldə etmək məsələsi ortadan qalxarsa, onların çalışmaq üçün əzmləri də gedər.

Allaha iman edən bir insanın yaşadığı şövq və həyəcan hissi isə sadəcə elm sahəsində deyil, incəsənət, mədəniyyət kimi  daha bir çox fəaliyyət sahələrində insanlara geniş imkanlar açar və əsla tükənmədən, hətta daha da artaraq davam edər.

 

Müəllif haqqında     Kitablar      Filmlər      Məqalələr      Digət saytlar     Quran-i Kərim      Bizə dəstək olun
www.adnanoktar.az
Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz